Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu il mayın 26-da 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.
İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılacaq.
Bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olaraq istifadəçi adı və paroldan istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər zəruri məlumatlar qeyd olunur.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
• Şəxsiyyəti təsdiq edən sənədin əslini;
• “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2019-cu il aprelin 26-dan mayın 7-dək aparılıb və 8758 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8012 nəfəri Azərbaycan bölməsi, 746 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3803 nəfərini oğlanlar, 4955 nəfərini qızlar təşkil edir. 5575 nəfər ali təhsil müəssisələrinin builki, 3183 nəfər isə əvvəlki illərin məzunlarıdır. 16 bakalavr xarici ölkə vətəndaşıdır.
İmtahanın idarə olunmasına 27 ümumi imtahan rəhbəri, 86 imtahan rəhbəri, 818 nəzarətçi-müəllim, 64 buraxılış rejimi əməkdaşı ayrılıb. Hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.