Sahil Əlizadə: “Biz şagirdlərimizi yalnız imtahanlara deyil, həyata və Vətənə xidmətə hazırlamalıyıq”
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən strateji vəzifələr Azərbaycanın gələcək inkişafı, milli dövlətçilik şüurunun möhkəmləndirilməsi və gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sisteminin qarşısında da mühüm vəzifələr müəyyənləşdirir.
Bu barədə Babək Rayon Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə NUHÇIXAN-a bildirib ki, müasir dövrdə təhsilin əsas məqsədi yalnız şagirdlərə bilik və bacarıqlar aşılamaqla məhdudlaşmamalıdır. Məktəb həm də milli-mənəvi dəyərlərə bağlı, müstəqil düşünməyi, düzgün qərar verməyi bacaran, dövlətinə və xalqına sədaqətli vətəndaşlar yetişdirməlidir.
Onun sözlərinə görə, bu gün təhsil qarşısında duran mühüm vəzifələrdən biri də gənc nəslin ideoloji təhlükəsizliyinin təmin olunması, onların informasiya mühitində düzgün istiqamət seçmək bacarığının formalaşdırılmasıdır. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin şagirdlərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə gənclərə yalnız məlumat vermək kifayət etmir. Onlarda informasiyanı təhlil etmək, doğru ilə yanlışı ayırmaq, təxribat xarakterli məlumatları müəyyənləşdirmək və milli maraqlara uyğun mövqe nümayiş etdirmək bacarıqları da formalaşdırılmalıdır.
Sahil Əlizadə qeyd edib ki, məktəblərdə şagirdlərin intellektual inkişafı ilə yanaşı, tənqidi düşünmə qabiliyyətinin, informasiya savadlılığının və vətəndaş məsuliyyətinin artırılmasına da xüsusi diqqət yetirilməlidir. Bu, müasir təhsilin qarşısında duran əsas tələblərdən biridir.
Vətənpərvərlik məktəb həyatının ayrılmaz hissəsi olmalıdır
Vətənpərvərlik tərbiyəsi təhsil prosesinin əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılmalıdır. İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər və 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və Azərbaycan əsgərinin qəhrəmanlığının parlaq təcəssümüdür. Bu tarixi hadisələrin mahiyyətinin gənc nəslə düzgün çatdırılması təhsil işçilərinin üzərinə düşən mühüm vəzifələrdəndir.
Sahil Əlizadənin fikrincə, vətənpərvərlik tərbiyəsi yalnız əlamətdar günlərdə təşkil olunan tədbirlərlə məhdudlaşmamalı, məktəbin gündəlik fəaliyyətində, tədris prosesində və şagirdlərlə aparılan tərbiyəvi işlərdə öz əksini tapmalıdır. Şagirdlər anlamalıdırlar ki, Vətəni sevmək yalnız sözlərlə deyil, əməli fəaliyyətlə təsdiqlənir. Yaxşı oxumaq, müəllimə və valideynə hörmət etmək, qanunlara riayət göstərmək, ictimai məsuliyyət daşımaq və gələcəkdə seçdiyi peşə ilə ölkənin inkişafına töhfə vermək də vətənpərvərliyin mühüm təzahürləridir.
Bu prosesdə müəllimin rolu xüsusi əhəmiyyət daşıyır. Müəllim yalnız bilik verən deyil, həm də davranışı, məsuliyyəti, dürüstlüyü və vətəndaş mövqeyi ilə şagirdlərinə nümunə olan şəxsdir. Pedaqoqun şəxsi nümunəsi gənclərin dünyagörüşünün, xarakterinin və milli-mənəvi dəyərlərə münasibətinin formalaşmasına birbaşa təsir göstərir.
Formal tədbirlərdən real nəticələrə doğru
Sahil Əlizadə vurğulayıb ki, təhsil müəssisələrində ideoloji maarifləndirmə və tərbiyəvi işlər təşkil edilərkən şablon yanaşmalardan uzaqlaşmaq, müasir metodlardan istifadə etmək və görülən işlərin nəticələrini düzgün qiymətləndirmək vacibdir. Keçirilən tədbirlərin səmərəliliyi yalnız onların təşkili və hesabatlarda əks olunması ilə deyil, şagirdlərin düşüncəsinə, dünyagörüşünə və vətəndaş mövqeyinə göstərdiyi təsirlə ölçülməlidir.
Hər bir tədbirin sonunda onun şagirdlərə hansı bilik və bacarıqları qazandırdığı, Vətənə, dövlətə və milli tarixə münasibətdə hansı müsbət dəyişikliklərə səbəb olduğu təhlil edilməlidir. Məhz nəticəyönümlü yanaşma məktəblərdə aparılan tərbiyəvi işlərin keyfiyyətini yüksəldə və onların real təsirini artıra bilər.
Babək rayonunun zəngin tarixi, şəhidlərimizin və qəhrəman övladlarımızın şərəfli həyat yolu, milli-mənəvi dəyərlərimiz və dövlətçilik ənənələrimiz məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün geniş imkanlar yaradır. Bu imkanlardan məqsədyönlü şəkildə istifadə olunması rayonun təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir.
Təhsilin keyfiyyəti və vətəndaşlıq tərbiyəsi paralel inkişaf etməlidir
Babək rayonunda son illərdə əldə olunan təhsil nailiyyətlərinə toxunan Sahil Əlizadə bildirib ki, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərən məzunlar, 500–700 bal intervalında bal toplayan şagirdlər, eləcə də olimpiada və müxtəlif müsabiqələrin qalibləri rayonun təhsil potensialını aydın şəkildə nümayiş etdirirlər.
Onun sözlərinə görə, qarşıda duran əsas məqsəd əldə olunan uğurları daha da inkişaf etdirmək, təhsilin keyfiyyətini yüksəltmək, müəllimlərin peşəkarlığını artırmaq və şagirdlərin vətəndaşlıq-vətənpərvərlik tərbiyəsini tədris prosesi ilə paralel şəkildə gücləndirməkdir. Məktəbi bitirən hər bir gənc yalnız yüksək bilik və bacarıqlara deyil, eyni zamanda möhkəm vətəndaş mövqeyinə, dövlətinə və xalqına bağlılığa malik olmalıdır.
Sahil Əlizadə hesab edir ki, Azərbaycanın gələcək inkişafı, ilk növbədə, insan kapitalının gücləndirilməsindən, milli düşüncənin və dövlətçilik şüurunun möhkəmləndirilməsindən asılıdır. Bu baxımdan təhsil müəssisələrinin fəaliyyəti yalnız imtahan nəticələri və akademik göstəricilərlə deyil, həm də yetişdirdikləri gənclərin şəxsiyyət və məsuliyyətli vətəndaş kimi formalaşmasına verdikləri töhfə ilə qiymətləndirilməlidir.
Beləliklə, savadlı, müasir düşüncəli, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və dövlətinə sədaqətli gənc nəslin yetişdirilməsi Azərbaycanın davamlı inkişafının əsas şərtlərindən biridir. Bu hədəfə çatmaq üçün təhsil işçiləri yalnız bilik verməklə kifayətlənməməli, eyni zamanda Vətənin gələcəyini etibar edə biləcəyimiz məsuliyyətli, fəal və milli düşüncəli vətəndaşların formalaşmasına çalışmalıdırlar.
