Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb.
BDU-dan NUHÇIXAN-a bildirilib ki, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimalı yüksəkdir. Digər tərəfdən, Günəşin səthində L-formalı böyük Tac Dəliyinin (Coronal Hole) olması və buradan öz başlangıcını götürən yüksəksürətli Günəş plazma küləyinin effektləri sayəsində noyabrın 7-8-də geomaqnit qasırğaları gözlənilir.
Yuxarı coğrafi enliklərdə effekt nəzərəçarpacaq olacaq. Orta coğrafi enliklərdə, o cümlədən Azərbaycan ərazisində isə geomaqnit sahəsinin zəif həyəcanlaşmış səviyyədə olacağı proqnozlaşdırılır.
