Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçirilir
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirilir.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılır. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2019-cu il aprelin 26-dan mayın 7-dək aparılıb və 8758 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8012 nəfəri Azərbaycan, 746 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3803 nəfəri oğlan, 4955 nəfərini qızdır. Onların 5575 nəfər ali təhsil müəssisələrinin builki, 3183 nəfər isə əvvəlki illərin məzunlarıdır. 16 bakalavr xarici ölkə vətəndaşıdır.
İmtahanın idarə olunmasına 27 ümumi imtahan rəhbəri, 86 imtahan rəhbəri, 818 nəzarətçi-müəllim, 64 buraxılış rejimi əməkdaşı ayrılıb.