Pilotsuz uçuş aparatları sahəsində fəaliyyət göstərən “Bayraktar Teknoloji” Azərbaycan 2027-ci il üzrə təcrübə proqramına müraciətlərin qəbuluna başlayıb.
NUHÇIXAN şirkətin məlumatına istinadla xəbər verir ki, proqram gənclərə yüksək texnologiyalar sahəsində praktiki bilik və təcrübə qazanmaq, peşəkar komandalarla birgə çalışmaq, həmçinin karyeralarının ilk mərhələsində potensiallarını inkişaf etdirmək imkanı yaradacaq.
Təcrübə proqramı proqramlaşdırma, süni intellekt, avionika, mühəndislik, istehsalat, keyfiyyətə nəzarət və idarəetmə daxil olmaqla müxtəlif istiqamətləri əhatə edir.
İştirakçılar maraq və bacarıqlarına uyğun komandada çalışaraq həm akademik biliklərini təkmilləşdirmək, həm də pilotsuz uçuş aparatları və yüksək texnologiyalar sahəsində praktiki təcrübə əldə etmək imkanı qazanacaqlar.
Proqrama müraciət üçün son tarix 2026-cı il dekabrın 7-dir.
Ətraflı məlumatı şirkətin rəsmi internet səhifəsindən almaq mümkündür.
