AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Green Computing” texnologiyalarının tətbiqi məsələləri müzakirə edilib.
NUHÇIXAN xəbər verir ki, institutun əməkdaşı Orxan Mehdiyev dünyada mövcud olan verilənlərin emal mərkəzlərinin (VEM) ümumi vəziyyəti, ekoloji fəlakətin fəsadları, elektrik mənbələri, VEM-də enerji sərfinin paylanması haqqında məlumat verib. Bildirib ki, ətraf mühitin çirklənməsi səbəbindən erkən ölüm halları QİÇS, vərəm və malyariya ilə müqayisədə üç dəfə çoxdur.
Məruzəçinin fikrincə, zəruri üsullar tətbiq edilməsə, 2070-ci ilə qədər Yer üzündəki canlıların çox hissəsi məhv olacaq.
Seminarda, həmçinin məhsulların ekoloji bəyannamələri üçün beynəlxalq PEPecopassport® proqramı barədə danışılıb.
Dünyada geniş yayılmış yaşıl sertifikat haqqında məlumat verən məruzəçi bildirib ki, əsasən Avropada istifadə olunan bu sənəd elektrik enerjisi istehsalında alternativ mənbələrdən istifadə edən müəssisələrə təqdim olunur.
Orxan Mehdiyev dünyada yaşıl informasiya texnologiyaları üzrə fəaliyyət göstərən “IBM”, “Amazon”, “Intel” kimi qabaqcıl şirkətlər, eləcə də “Big Green” layihəsi haqqında məlumat verib. Bildirib ki, bu layihələr verilənlərin emal mərkəzlərinin enerji effektivliyinin artırılmasını nəzərdə tutur.
Sonda suallar cavablandırılıb.