Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Komissiyanın Dövlət Gömrük Komitəsi ilə birgə aprelin 10-dan elan olunmuş müsabiqənin test imtahanlarına mayın 27-dən start verilib.
Müsabiqəyə çıxarılan 35 vakant vəzifənin tutulması üçün 176 namizəd sənəd təqdim edib. İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilir. İmtahanda qanunvericilik üzrə 85, informasiya texnologiyaları üzrə 5, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 120 dəqiqə vaxt verilir. Namizədlərin gömrük orqanlarında xidmət etmək üçün tələb olunan keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə test imtahanından müvəffəqiyyət qazanan namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır.
İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. İmtahanda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları müşahidəçi kimi iştirak edirlər.
Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları mayın 31-dək davam edəcək.