Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında istifadə olunan qapalı və cavabının kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə toplanılması mümkün olan maksimal balı açıqlayıb.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, qəbul imtahanının 1-ci mərhələsində (buraxılış imtahanı) 3 fənn üzrə imtahan verilir və maksimal 300 bal toplamaq mümkündür.
Tədris dili fənni üzrə 30 tapşırıqdan 20-si qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlardan 50.00 bal toplanıla bilər.
Riyaziyyat fənni üzrə 25 tapşırıqdan 18-i qapalı və cavabının kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlardır. Bu tapşırıqlardan 56.25 bal toplanıla bilər.
Xarici dil fənni üzrə 30 tapşırıqdan 23-ü qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlardan 62.16 bal toplanıla bilər.
Bu mərhələ üzrə abituriyentlər toplaya biləcəkləri 300 baldan 168.41 balı uzun illərdir istifadə olunan qapalı və cavabının kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlardan əldə edirlər.
Qəbul imtahanının 2-ci mərhələsində 3 fənn üzrə imtahan verilir və maksimal 400 bal toplamaq olar.
Hər bir fənn üzrə qapalı və cavabının kodlaşdırılması tələb olunan açıq tipli 27 tapşırıqdan (22 qapalı + 5 ənənəvi açıq) 81.82 bal toplamaq mümkündür.
İmtahanda 3 fənn və 2 əsas fənn üzrə çəki əmsalının 1.5 olduğunu nəzərə alsaq ümumilikdə 327.28 bal toplamaq olur. Yəni abituriyentlər imtahanın ikinci mərhələsində toplaya biləcəkləri 400 baldan 327.28 balı qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər.
Beləliklə abituriyentlər imtahanın hər iki mərhələsi üzrə toplaya biləcəkləri 700 baldan 495.69 balı uzun illərdir istifadə olunan qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər. Onlar yeni növ, yəni yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqlardan 204.31 bal toplaya bilərlər.
Qeyd edək ki, qəbul imtahanlarında qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə toplanılması mümkün olan maksimal bal DİM-in saytında cədvəl şəkilində verilib: http://dim.gov.az/news/3632/