Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da Bakı və Naxçıvan şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı təşkil edib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, imtahanın nəticələri bu gündən DİM-in internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş şəxslər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumat, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1286 abituriyentdən 134-ü imtahana gəlməyib. İmtahanda iştirak edən 1152 abituriyentdən 613-ü ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb edilən müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim edilib.
Cari ilin (IX və XI sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100-dür. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Abituriyentlərin balı 50 və daha yuxarı olduqda isə “məqbul” qiymət almış hesab olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqəyə buraxılır.
Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahan nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya Komissiyası Mərkəzin Bakı şəhəri, A.Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Abituriyentlər Apellyasiya Komissiyasına mayın 29-da və 30-da saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.