Elm və Təhsil Nazirliyinin son illərdə prioritetlərindən biri baza təhsilinin keyfiyyətinin yüksəldilməsidir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, burada söhbət hər bir vətəndaşın malik olmalı olduğu minimal bilik və bacarıqların formalaşdırıldığı təhsil mərhələsindən gedir. Onun sözlərinə görə, hazırda bu mərhələ dörd ili əhatə etsə də, ona şərti olaraq doqquzillik təhsil çərçivəsində də yanaşmaq mümkündür.
Emin Əmrullayev qeyd edib ki, ibtidai təhsil anlayışı bəzən yalnız başlanğıc təhsili kimi qəbul edilir. Halbuki məhz bu mərhələdə formalaşan baza bilikləri sonrakı təhsil pillələrinin keyfiyyətinə birbaşa təsir göstərir. Əvvəlki illərlə müqayisədə ibtidai təhsilin keyfiyyətində tədricən yaxşılaşma müşahidə olunur və bu istiqamətdə işlər davam etdirilir.
