Noyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan, eləcə də təhsilini başa vurmuş iddiaçılar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək. İmtahanda əcnəbi iddiaçılar üçün Azərbaycan dili üzrə imtahan da təşkil olunacaq.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, imtahanda ümumilikdə 253 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00-da başlayacaq. İştirakçıların imtahan binasına buraxılışı saat 09:45-də başa çatacaq. Bu vaxtdan sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar. İmtahana gələn iddiaçılar şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini təqdim etməlidirlər. Onların buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasında olmaları vacibdir. İmtahanın ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, növbəti 1 saat 30 dəqiqəsi isə yazılı tapşırıqların, o cümlədən esse və vizual məlumatın yazılı təsvirinin yerinə yetirilməsinə ayrılıb.
İmtahanın təşkili üçün iki imtahan binası, üç zal administratoru, iki ümumi imtahan rəhbəri, 17 nəzarətçi və buraxılış rejimi üzrə üç mühafizə əməkdaşı cəlb olunacaq. İmtahanlar kompüterlər vasitəsilə elektron formada keçiriləcək.
Qeyd olunub ki, noyabrın 22-də keçiriləcək imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar noyabrın 26-da keçiriləcək danışıq bloku üzrə imtahana buraxılmayacaqlar. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk dörd blok üzrə 30 və daha yüksək bal toplasalar belə, şəhadətnamə ilə təmin olunmayacaqlar. Hər bir test tapşırığına düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq blokları üzrə tapşırıqlar 10 ballıq şkala əsasında qiymətləndirilir. İmtahanda toplana biləcək maksimal bal 50-dir.
İmtahanın nəticəsinə qoyulan tələbi ödəmək üçün iddiaçılar dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə, yazı və danışıq bloklarının hər biri üzrə mümkün balların minimum 20 faizini toplamalıdırlar. Bununla yanaşı, xarici dil üzrə fəlsəfə doktoru imtahanında ümumilikdə azı 30 bal, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə imtahanda isə azı 25 bal toplamaq tələb olunur.
