Noyabrın 24-də dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları təşkil olunacaq.
Bu barədə NUHÇIXAN-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sınaq imtahanları “Microsoft Teams” platforması üzərindən onlayn formada keçiriləcək. İştirakçılar noyabrın 24-də saat 15:00-dan etibarən növbəti 24 saat ərzində imtahana qoşula biləcəklər.
120 dəqiqə davam edəcək sınaq imtahanında namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar məktəbəqədər təhsilin məzmunu və metodikası, uşaq və yaş psixologiyası istiqamətlərini əhatə edəcək.
İmtahan zamanı səhv cavablar yekun nəticəyə təsir göstərməyəcək. Hər bir namizədə sınaq imtahanında yalnız bir dəfə iştirak etmək imkanı veriləcək.
Sualların əhatə etdiyi sahələr və mövzular barədə ətraflı məlumat “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirilmə çərçivəsi” sənədində yer alıb.
Qeyd olunub ki, sertifikatlaşdırmanın əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının obyektiv qiymətləndirilməsidir.
