Cümhuriyyətin 100 illiyi Naxçıvan Müəllimlər İnstitutunda qeyd edilib - FOTOLAR
Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib.
NUHÇIXAN-ın məlumatına görə , konfransda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın yaşasa da Azərbaycanın ilk universiteti həmin illərdə təsis olunub, təhsil milliləşdirilib. İctimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.
İnstitutun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak etməsi bir daha onu göstərdi ki, ölkəmizdə təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır.
Konfransda o da bildirilib ki, 1918-1920-ci illərdə Naxçıvan daim cümhuriyyət rəhbərlərinin diqqət mərkəzində olub, onlar Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması istiqamətində zəruri tədbirlər görüblər. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması ilə bağlı Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi sonrakı dövrlərdə Naxçıvanın muxtariyyət statusunun əldə etməsində mühüm rol oynayıb.
Əbülfəz Dünyamalıyev