Tarix İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda görkəmli Azərbaycan dramaturqu və publisisti Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş “Cəlil Məmmədquluzadənin dövrü: ictimai-siyasi həyat, dövrün başlıca problemləri” mövzusunda elmi sessiya keçirilib.
Tarix İnstitutundan NUHÇIXAN-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən reallaşıb.
Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov ölkə başçısının Sərəncamına əsasən respublikamızda, o cümlədən AMEA-da görkəmli yazıçının yaradıcılığına həsr olunan silsilə tədbirlərin keçirildiyini bildirib: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və ədəbi məktəb yaratmış qüdrətli şəxsiyyətdir. Milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.
Yaqub Mahmudov deyib ki, dahi yazıçı “Molla Nəsrəddin” jurnalının nəşri ilə Azərbaycanda tənqidi realizmin, satirik jurnalistikanın və karikatura sənətinin əsasını qoyub. Mirzə Cəlil bu jurnal vasitəsilə öz vətəninin, millətinin irəli getməsi uğrunda fəaliyyət göstərib.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyev böyük yazıçı və dramaturqun yaradıcılığına və şəxsiyyətinə həmişə böyük diqqət və qayğı göstərib. Məhz Ulu Öndərin hakimiyyəti illərində Cəlil Məmmədquluzadə haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib.
Daha sonra tarixçi alimlər Hacı Həsənovun “Cəlil Məmmədquluzadənin dövründə ictimai-siyasi proseslər”, Aynur Bəşirlinin “Cəlil Məmmədquluzadə yaradıcılığında qadın problemləri”, Zəfər Kərimovun “Cənubi Azərbaycanın ictimai-siyasi həyatı “Molla Nəsrəddin” səhifələrində (1920-1921-ci illər)” və Aypara Rüstəmovanın “Cəlil Məmmədquluzadənin yaradıcılığında rus motivləri” mövzularında məruzələri dinlənilib.