Ali və orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, iyunun 12-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi aktiv olacaq:
-Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda göstərilən tarixədək qeydiyyatdan keçməlidirlər.
-Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrinə əlavə etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.
-Buraxılış imtahanını vermiş, lakin martın 15-dən aprelin 15-dək elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər (yalnız cari ilin məzunları) ərizələrini doldurub təsdiq etməklə ali təhsil müəssisələrinin I-IV, V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrində qeyd etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.
Qeyd edək ki, qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyənlər müsabiqəyə buraxılmır.
Dövlət dili kimi “Azərbaycan dili” fənni üzrə keçirilən imtahandan “qeyri-məqbul” qiymət alanlar müsabiqəyə buraxılmır.