İyunun 10-dan 14-dək “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti Varvara Sosedovanın Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ictimai və humanitar elmlər bölmələrinin müəssisələrinin əməkdaşları üçün təlimləri təşkil olunacaq.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, təlimlər AMEA-nın əməkdaşlarına “Web of Science” elmi analitik bazası və əlaqədar alətlərlə (EndNote, Journal Citation Report və ResearcherİD) işləmək bacarığını öyrətmək məqsədi daşıyır.
Varvara Sosedova iyunun 11-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin ev-muzeyində, iyunun 12-də Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, İqtisadiyyat İnstitutu və Elm Tarixi İnstitutunda, iyunun 13-də akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Qafqazşünaslıq İnstitutu və A.Bakıxanov adına Tarix İnstitutunda, iyunun 14-də Memarlıq və İncəsənət İnstitutu, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Arxeologiya və Etnoqrafiya İnstitutu və Folklor İnstitutunda təlimlər keçəcək.
Təlimlər 2 saat davam edəcək və rus dilində aparılacaq.