Mart ayında keçirilmiş imtahanlarla bağlı 341 şagird və ya abituriyent Apellyasiya Komissiyasına müraciət edib
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatını təqdim edib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, 2019-cu il martın 3, 10, 17 və 31-də keçirilmiş imtahanlarda 117 mindən çox şagird (abituriyent) iştirak edib və şagirdlərin ümumilikdə 3 milyon 42 mindən çox tapşırıq üzrə yazı işi olub. Ümumi yazı işlərinin sayı 3 milyon 42 min olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) ən azı 6 milyon 84 mindən çox yoxlama işi həyata keçirilib.
İmtahanların nəticələri aprel ayı ərzində elan olunub və hər bir iştirakçı Dövlət İmtahan Mərkəzinin saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) baxmaq imkanına malik olub. Çox təəssüf ki, imtahan nəticələrinin elan olunmasından keçən ay yarım müddət ərzində martın 3-də keçirilən imtahanda iştirak etmiş 37 min 341 nəfərdən 16 min 435 nəfər, martın 10-da keçirilən imtahanda iştirak etmiş 39 min 533 nəfərdən 7 min 800 nəfər, martın 17-də keçirilən imtahanda iştirak etmiş 32 min 948 nəfərdən 6878 nəfər, martın 31-də keçirilmiş imtahanda iştirak etmiş 7 min 759 nəfərdən isə cəmi 848 nəfər öz cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) baxıb.
İmtahan nəticələri elan olunduqdan sonra DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərib və müraciətlər araşdırılıb. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 341 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,29 faizi) 4 mindən çox tapşırıq (bütün tapşırıqların 0,13 faizi) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Onlardan 170 şagirdin (bütün imtahan verənlərin 0,15 faizi) cəmi 241 tapşırıq (bütün tapşırıqların 0,008 faizi) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. Yeddi şagird bu və ya digər fənn üzrə bütün tapşırıqlardan müraciət edib, amma araşdırma zamanı məlum olub ki, onlar müraciət etdikləri fənn üzrə heç bir yazı işini yerinə yetirməyiblər. On dörd şagird ərizə yazmalarına baxmayaraq apellyasiyada iştirakdan imtina edib və ya apellyasiyaya gəlməyib. Bununla belə, onların da ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına uyğun müvafiq qərarlar verilib.