Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində 10 cildlik “Cavidşünaslıq” kitabının təqdimatı keçirilib. Təqdimatdan əvvəl tədbir iştirakçıları şair-dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Görkəmli şair və dramaturqun, onun ailə üzvlərinin xatirəsi ehtiramla yad olunub. Sonra dahi şairin ev muzeyi ilə tanış olan qonaqlara onun zəngin irsi, həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Daha sonra 10 cildlik “Cavidşünaslıq” kitabı iştirakçılara təqdim edilib. Qeyd edək ki, kitabın ideya müəllifi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihə rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvi Teymur Kərimli, tərtibçi-müəllifi isə AMEA-nın Hüseyn Cavidin ev muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Hüseyn Cavid yaradıcılığı hələ ədibin sağlığında tədqiq və təhlil olunmağa başlayıb, onun yaradıcılığı araşdırma obyekti kimi mətbuat səhifələrində öz əksini tapıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, oncildlik nəşr böyük şair və dramaturq Hüseyn Cavid haqqında yazılmış 82 illik bir dövrü, 1912-1994-cü illəri əks etdirir və ədib haqqında dolğun tarixi-xronoloji məlumat almağa, onun ədəbi-bədii və fəlsəfi-estetik düşüncə tariximizdəki yerini müəyyənləşdirməyə imkan yaradır. Toplunun cildlərində Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında müxtəlif mətbuat orqanlarında işıq üzü görmüş məqalə və araşdırmalarla yanaşı, həm də Cavidlə bağlı irili-xırdalı bütün məlumatlar öz əksini tapıb.
Diqqətə çatdırılıb ki, 10 cildlik “Cavidşünaslıq” toplusu ədəbiyyatşünaslıq sahəsində dəyərli mənbə, tarixi-mədəni və elmi irsdir. Çoxcildliyin daha 20 cildinin də çap edilməsi nəzərdə tutulub.
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuunun direktoru, AMEA-nın həqiqi üzvi Teymur Kərimli, AMEA-nın Hüseyn Cavidin ev muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, AMEA Naxçıvan Bölməsinin Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev və Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev muzeyi və xatirə kompleksinin direktoru Bəhruz Axundov kitab haqqında öz fikirlərini bildiriblər.
Sonra 10 cildlik “Cavidşünaslıq” kitabı və görkəmli bəstəkar Ərtoğrol Cavidin əsərlərindən ibarət 13 cildlik kitab AMEA Naxçıvan Bölməsinin və muxtar respublikanın ali təhsil ocaqlarının kitabxanalarına hədiyyə edilib.
Cavid Səfərli