Türkiyədə oxuyan azərbaycanlı tələbələrə ölkənin hər bölgəsində ödənişsiz sahibkarlıq seminarları keçiriləcək. Dərslər Türkiyədə fəaliyyət göstərən “Can Azərbaycan” media şirkətinin rəhbəri, Azərbaycan əsilli türk vətəndaşı Namik Kemal Yıldırım tərəfindən həyata keçirilən “Sahibkarlıq təhsili və tətbiqi” layihəsi çərçivəsində baş tutacaq.
Bu barədə NUHÇIXAN-a məlumat verən N.K.Yıldırım bildirib ki, layihə çərçivəsində Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə iş həyatına atılacaq ilk addımlar öyrədiləcək, onların işlə təmin olunmasına dəstək veriləcək.
O, deyib: “Bu layihənin hər şeydən əvvəl Türkiyədə təhsil alan tələbələrə mənəvi dəstək ola biləcəyini düşünürük. Onların ailələrindən, evlərindən uzaq, öz gücləri hesabına yaşamalarının ilk addımlar atmasında böyük rol oynayacağına inanırıq. Türkiyədə təhsil almağa başlayan bütün tələbələrin layihəyə qoşulacağına ümid edirik”.
Dərslərin avqustun 24-dən başlanması planlaşdırılır.