“Mən azərbaycanlıyam” adlı rəsm sərgisi açılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 15 iyun- Milli Qurtuluş Gününə həsr olunan “Mən azərbaycanlıyam” adlı rəsm sərgisi təşkil olunub. Sərgidə 10 rəssamın 80-ə yaxın əl işi sərgilənir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Həmzə Sadiqov və sənətşünas Nizami Alıyev Milli Qurtuluş Gününün ölkəmizin müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində oynadığı mühüm roldan bəhs ediblər.
Sonra muxtar respublikanın tarixi abidələrini, təbiətini və müasir inkişafını əks etdirən mənzərə, natürmort, qarışıq kompozisiya janrında və dekorativ tətbiqi sənət nümunələrindən ibarət olan sərgiyə baxış olub. Sərgidə “Naxçıvan abidələri”, “Qədim Nuhçıxan”, “Əlincəqala”, “Haçadağ” rəsmləri və Azərbaycan-Türkiyə dostluğunu əks etdirən əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sərgi iyun ayının 25-dək davam edəcək.
Mədinə Rəhimli