Azərbaycan Respublikasının Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nı təsdiq edib.
NUHÇIXAN xəbər verir ki, bununla əlaqədar Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin müvafiq Qərarını imzalayıb. Qaydaya əsasən, işaxtaran və işsiz şəxslər peşə hazırlığına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər. Peşə hazırlığı Dövlət Məşğulluq Xidmətinin göndərişi əsasında qurumun tabeliyində olan təhsil müəssisəsi, qanunla müəyyən olunmuş qaydada fəaliyyətinə lisenziya verilmiş digər təhsil müəssisələrində təşkil edilir. Peşə hazırlığı peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirilir. Bununla əlaqədar təşkil edilən kurslarda təhsil müddəti 6 aya qədərdir. Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə təhsil haqqında dövlət sənədi (sertifikat) verilir.
Peşə hazırlığı işsizlikdən sığorta fondunun vəsaiti, işəgötürənlərin vəsaiti, işaxtaran şəxslərin şəxsi vəsaiti, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar, qanunvericiliklə qadağan olunmayan digər mənbələr tərəfindən maliyyələşdirilir.