“Naxçıvan” Universitetində Milli Qurtuluş Günü qeyd edilib - FOTOLAR
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə ali təhsil ocağında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “15 iyundan başlanan qurtuluş yolu” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə Universitetin rektoru, professor İsmayıl Əliyev Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrindən biri olan Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın qısa zamanda iqtisadi sabitlik və inkişafa qədəm qoyduğunu diqqətə çatdırıb. Milli Qurtuluş Günü ulu öndərin böyük bacarığı, xilaskarlıq missiyası ilə Azərbaycanı Azərbaycana qaytarmaq tarixidir. Azərbaycana ikinci rəhbərliyi dövründə-cəmi 10 il ərzində ümummilli liderimizin həyata keçirdiyi möhtəşəm tədbirlər, Vətən və xalq naminə gördüyü misilsiz işlər neçə-neçə qərinəyə, əsrə bərabərdir.
Daha sonra Ümumi tarix kafedrasının müəllimləri Nuray Hacıyevanın, Zülfiyyə Mehdiyevanın və Rəna Qurbanovanın mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonda 15 İyun- Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Seyfur Hacımuradov