Ali təhsil ocağında kitab təqdimatı - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Məntiq” adlı dərsliyin təqdimatı keçirilib.
Tədbirdə universitetin rektoru Saleh Məhərrəmov çıxış etdikdən sonra Beynəlxalq münasibətlər kafedrasının dosenti Yusif Hüseynov kitabın məğzindən söhbət açaraq 10 fəsildən ibarət olan kitabda məntiqin predmeti və əhəmiyyəti, sual və cavabın məntiqi, əsas formal məntiqi qanunlar, induktiv və analoji əqli nəticə, arqumentasiya və sübutetmə, hipotez və s. kimi mövzuların yer aldığını bildirib.
Fəlsəfə və sosial iş kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Abbas Əhmədov nəzərə çatdırıb ki, hüquqşünaslıq və sosial iş ixtisaslarının bakalavr pilləsi tələbələri üçün yazılmış kitabdan həm də ali məktəblərin digər ixtisaslarında təhsil alan tələbələr, habelə məntiqi müstəqil öyrənənlər də istifadə edə bilərlər.
Sonra kitab haqqında fikirlər dinlənilib.
Kitabın müəllifi, fəlsəfə üzrə elmlər doktoru, professor Qərib Allahverdiyev universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.
Badəm Məmmədova