Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanı başlayıb.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılır. İmtahanların idarə olunmasına 173 imtahan rəhbəri və 1950 nəzarətçi-müəllim cəlb olunub.
İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Daxili İşlər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilib.
Bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayan imtahanın müddəti 3 saatdır. İmtahanda 24 min 028 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 19 min 878 abituriyent I qrup üzrə, 4150 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 21 min 940 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 18 min 238, IV qrup üzrə 3702 nəfər), 2088 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1640, IV qrup üzrə 448 nəfər) məzunudur. Abituriyentlərin 13 min 788 nəfəri oğlanlar (I qrup üzrə 12786 nəfər, IV qrup üzrə 1002 nəfər), 10 min 240 nəfəri isə qızlardır (I qrup üzrə 7092 nəfər, IV qrup üzrə 3148 nəfər). 21 min 720 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2049 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 31 nəfər ali təhsil müəssisələrinin, 228 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 125 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2004-cü ildəndir.
Bakı şəhərində 10 min 706, Naxçıvanda 598, Gəncədə 2473, Sumqayıtda 1586, Mingəçevirdə 1092, Şəkidə 1682, Bərdədə 905, Göyçayda 1157, Şirvanda 1244, Lənkəranda 1507, Xaçmazda isə 1078 abituriyentin imtahan verəcəyi gözlənilir.