Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində muxtar respublika üzrə ali və ümumtəhsil müəssisələrində fransız dili fənnini tədris edən müəllimlər üçün təkmilləşdirmə kursu təşkil olunub.
Muxtar respublika üzrə 22 müəllimin iştirak etdiyi kurs 10 gün yəni iyunun 28-dək davam edəcək və kursun sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.
Kursda Bakı Dövlət Universitetinin dosenti, Azərbaycanda Fransız dili Müəllimləri Assosiasiyasının üzvü Azelma Həsənova və Fransadan dəvət olunmuş mütəxəssis Ani Domanje tərəfindən müəllimlərə tədris prosesinin müasir metodları, yazılı və şifahi nitqin inkişaf etdirilməsi yolları, habelə leksika ilə bağlı üsullar öyrədilir.
Kurs Fransanın Azərbaycandakı səfirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycanda Fransız dili Müəllimləri Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunub.