Bölmənin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda Nobel mükafatı laureatı Moris Meterlinkin “Arıların həyatı” kitabının müzakirəsi keçirilib.
Tədbirdə institutun direktoru Əliəddin Abbasov çıxış edərək insanların hərtərəfli formalaşmasında, intellektual səviyyəsinin yüksəlməsində müdriklik vasitəsi olan kitabların əvəzsiz rolundan bəhs edib.
Sonra institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Əhməd Qarayev və Coğrafiya şöbəsinin elmi işçisi İlahə Seyidova “Arıların həyatı” kitabı ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı oxunması zəruri olan kitablar haqqındakı sərəncamda dünya ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan belçikalı yazısı, şair-dramaturq, filosof Moris Meterlinkin “Arıların həyatı” adlı yeddi hissədən ibarət olan romanı da var. Bildirilib ki, müəllif ixtisasca hüquqşünas olsa da, hələ sağlığında “Belçikalı Şekspir” adı ilə tanınıb. “Şahzadə Malen” dram əsəri ilə 27 yaşında məşhurlaşan Moris Meterlink “Arıların həyatı” romanı, “Göy quş”, “Çağrılmamış qonaq”, “Korlar”, “Nişanlanma”, “Müqəddəs Antoninin möcüzəsi” pyesləri və digər əsərlərin müəllifidir.
Bildirilib ki, sözügedən əsərdə düşündürücü məqamlarla yanaşı, cəmiyyətin faydalanacağı məsələlər də az deyil.