İyunun 28-də AMEA-nın Humanitar Elmlər Bölməsi, Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə "İncəsənətdə Nəsimi obrazı" mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
NUHÇIXAN xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamına əsasən akademiyanın elmi müəssisə və təşkilatları tərəfindən silsilə tədbirlərin keçirildiyini qeyd edib. Akademik vurğulayıb ki, Nəsimi irsinin araşdırılmasında indiyədək əhəmiyyətli tədqiqatlar aparılsa da, şairin poetikasının öyrənilməsinə böyük ehtiyac var.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək Nəsiminin bədii obrazının Azərbaycan incəsənətində yaradılmasını milli mədəniyyətimizə ən gözəl töhfə olduğunu vurğulayıb. Ərtegin Salamzadə qeyd edib ki, Nəsimi obrazı təkcə heykəltəraşlıqda yox, həm də rəngkarlıqda, xalça sənətində öz əksini tapıb, onun poçt markalarındakı sonrakı təsvirləri öz orijinallığını qoruyub saxlayıb.
Tədbirdə "Heykəltəraşlıq sənətində Nəsimi obrazı", "İmadəddin Nəsimi və Azərbaycan musiqisi", "Nəsimi obrazı rəssamların yaradıcılığında", "Nəsimi yaradıcılığı kitab qrafikasında", "Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü" mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.