İmzası ədəbi ictimaiyyətə yaxşı tanış olan istedadlı şair-publisist İbrahim Yusifoğlu ömrünün 65-ci ilini tamamlamaq ərəfəsində oxuculara yeni kitabını - beşcildlik “Seçilmiş əsərləri”nin 3-cü cildini təqdim edib. Naxçıvanda “Əcəmi” nəşriyyat-poliqrafiya birliyində nəfis tərtibatla çap olunmuş 288 səhifəlik bu cild xalq yazıçısı Hüseyn İbrahimovun, akademik İsa Həbibbəylinin və şair-publisist Əbülfət Mədətoğlunun İ. Yusifoğlu yaradıcılığı barədəki təəssüratları ilə açılır. Kitabda şairin çoxşaxəli poetik axtarışlarını və zəngin sənət dünyasını əks etdirən dəyərli şeirlər və poemalar toplanıb...
İlk qələm təcrübələri 1968-ci ilə aid olan, doğulub boya-başa çatdığı, taleyini daimilik bağladığı Şərur rayonunun “İşıqlı yol” qəzetində 1971-ci ildə çıxmış “Qələbə atəşi” şeirinin dərci ilə imzası mətbuatda görünməyə başlayan İbrahim Yusifoğlu sənətin ali məramını dərindən dərk edərək daima öz üzərində çalışıb, yaradıcılıq axtarışlarını dərinləşdirib və dolğunlaşdırıb, əsərdən-əsərə püxtələşib. Ədəbiyyata bu cür ciddi və məsuliyyətli yanaşmasının nəticəsidir ki, o, ilk kitabının nəşri sevincini qəzetdə birinci şeirinin dərcindən düz iyirmi il sonra yaşayıb. 1991-ci ildə “Yazıçı” nəşriyyatında çıxmış “Araz bayatıları” adlı həmin kitab isə müəllifin poetik imkanlarının uğurlu təcəssümü kimi maraqla qarşılanıb, onu yeni ədəbi axtarışlara ruhlandırıb. Tanınmış ədəbiyyatşünas, akademik Muxtar Kazımoğlu (İmanov) vaxtı ilə “Araz bayatıları”na yazdığı rəydə İ. Yusifoğlunun poeziyasını belə dəyərləndirmişdi: “Üzərində addımladığı torpağı, çəməni, çölü, dağı, dərəni ürəkdən sevmək və onlarda poeziya axtarmaq duyğusu İ. Yusifoğlunun bir çox şeirləri üçün səciyyəvidir. O da səciyyəvidir ki, təbiətin hər hansı “məhəlli” guşəsinə müraciət edən müəllif həmin guşəni bu və ya digər yolla ümumiləşdirib Vətən timsalında, Vətənin bir parçası şəklində təqdim edir”. Bu qənaətdə ifadəsini tapan iki məqam – doğma yurda dərindən bağlılıq, ondan ilham almaq və bədii ümumiləşdirmə, poetiklik şairin sonrakı kitablarında aparıcı məziyyət kimi daha bariz şəkildə özünü göstərib.
Beləcə, illər bir-birini əvəzlədiyi kimi, özüylə birgə yeni sənət sevincləri, diqqətəlayiq uğurlar da gətirib. Şair 2016-cı ildə Prezident mükafatçısı olub, müxtəlif vaxtlarda şeirləri rus, fransız, türk dillərinə tərcümə edilib. Hazırda otuza yaxın bədii və publisistik kitabın müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” mükafatı laureatı İbrahim Yusifoğlu çoxşaxəli, zəngin və məhsuldar yaradıcılığı ilə ədəbi prosesdə yaxından iştirak edir. Təsadüfi deyil ki, elmi-ədəbi mühitin bir sıra tanınmış nümayəndələri onun ideya-bədii dolğunluğu ilə səciyyələnən əsərlərini müsbət qiymətləndirmişlər: xalq yazıçısı Hüseyn İbrahimov, akademiklər İsa Həbibbəyli, Muxtar İmanov, professorlar Aybəniz Kəngərli, Həmid Arzulu, Akif İmanlı, ədəbiyyatşünas, şair və yazıçılardan Hüseyn Razi, Cavad Cavadlı, Əbülfət Mədətoğlu, Asim Yadigar, Nərgiz Cabbarova, Vaqif Məmmədov, Budaq Təhməz, Əbülfəz Əzimli, Seyfəddin Eyvazov, Qəşəm İsabəyli, Zəminə Xınalı, Hüseyn Əsgərov, Aləmzər Əliyeva, Həsənəli Eyvazlı, Məmməd Tahir və bir çox başqaları...
Çoxsaylı fikirlərdən bir neçəsini xatırlatmaq istərdim. Mərhum xalq yazıçısı, uzun illər Naxçıvanda yazıçılar təşkilatına rəhbərlik etmiş Hüseyn İbrahimov vurğulayırdı: “İbrahim Yusifoğlu xoşuma gələn şairdir. Çünki nə yazırsa, ürəkdən yazır, şeirləri də özü kimi səmimidir”. Şairin yaradıcılığını istedadla zəhmətin bir-birini tamamlayan uğurlu vəhdəti kimi dəyərləndirən akademik İsa Həbibbəylinin obrazlı elmi qənaətləri isə belədir: “İbrahim Yusifoğlunun şeir yaradıcılığı bütövlükdə sanki badam ağacında bənövşə çiçəyidir... Sözlərdən, fikirlərdən, orijinal bədii təsvir və ifadə vasitələrindən şeirin “inşaat materialları” kimi özünəməxsus şəkildə, yaradıcılıqla faydalanmağı bacaran İbrahim Yusifoğlu sanki ilhamlı şeirlərinin istedadlı və zəhmətkeş bənnasıdır”. Bu isə şair-publisist Əbülfət Mədətoğlunun qələm dostu İbrahim Yusifoğlu barədə qeydlərindəndir: “O, sözləri duyduğu, yaşadığı kimi bər-bəzəksiz, necə var, o cür də kağıza köçürür. Sadəcə ona öz ruhunu, öz duyğularını, öz düşüncələrini hopdurur”...
İbrahim Yusifoğlu yaradıcılığının müxtəlif aspektlərini mənalandıran belə nümunələrin sayını xeyli artırmaq olar. Ədəbi-tənqidi fikirdə ifadəsini dəfələrlə tapan əsas məqam budur ki, İ. Yusifoğlu qəlbini, zehniyyətini məşğul edən mövzulara üz tutur, şair səmimiyyətini, orijinal duyum və deyim tərzini, aydın vətəndaş mövqeyini dolğun bədii vasitələrlə nümayiş etdirir. “Seçilmiş əsərləri”nin yenicə çapdan çıxmış üçüncü cildində toplanmış şeirlər və poemalar da bu baxımdan maraq doğurur.
Kitabdakı əsərlərin böyük qismi şairin vətən və xalq, doğma yurd, onun dünəni, bu günü, əsrarəngiz təbii gözəllikləri barədə poetik düşüncələrindən ibarətdir. “Mən səni tanıya bilmədim, Bakı”, ”Bütün istəyinə çatıb Naxçıvan”, “Şərurun”, “Günnütüm”, “Axura kəndi”, “Əlincə”, “Şapur bulağı”, “Ordubadın “Göy göl”ündə”, “Gəlmişəm, sizləri görəm, a dağlar” kimi şeirlər bu qəbildəndir. Bədii detal və poetik ümumiləşdirmə bu nümunələrdə aparıcı məziyyət kimi üzə çıxır. Müstəqillik yolları ilə inamla irəliləyən Azərbaycan, hər gün gəncləşən, yeniləşən paytaxtımız Bakı, hazırda özünün əsl intibah dövrünü yaşayan qədim və həmişəcavan Naxçıvan, igid əsgərlərimizin fədakarlığı nəticəsində 26 illik erməni işğalından azad olunmuş Günnüt kəndi, əsrlərin yadigarı Şapur bulağı, adı “Avesta”nı, xeyir tanrısı Ahura Məzdanı xatırladan Axura kəndi, “bütövlük, mətinlik, güc simvolu” Ordubadın əsrarəngiz Göy gölü İ. Yusifoğlunun şeirlərində dolğun bədii vasitələrlə ədəbi müstəviyə gətirilir. Şair məhəbbət mövzusunda yazanda da, narahat dünyamızın ovqatını misralara düzümləyəndə də, keçən günlərin nisgilini etiraf donunda üzə çıxaranda da poetik mənalandırmaya, fikrin bədii biçimdə təqdiminə, duyğuların səmimiliyinə, təbiiliyinə xüsusi səy göstərir:
Dünyaya məhəbbət, sevgi yayanlar
Bu daş ürəklərə yol tapa bilmir.
Sözlə ürəkləri ovsunlayanlar
Sevdiyi gözəllə dil tapa bilmir.
yaxud
Mənli hisslərini saxla özündə,
Axı qəm dəniyəm, qəlbinə əkmə.
Yansam da çatdığım ocaq közündə,
Mən çəkən dərdləri sən barı çəkmə.
Kitabda oxuduğumuz “dördlüklər” də poetik fikrin yığcam və mənalı təcəssümü baxımından diqqəti çəkir. Müşahidə dərinliyi, obrazlılıq, rəngarəng bədii yozumlar bu nümunələrdə aparıcı məziyyətdir. Məsələn, göylərdə sayrışan, sonra axıb görünməz olan ulduzları küt gedən kündəyə bənzətməklə şair maraqlı bir deyim yaratmışdır:
Göylər qaşqabaqlı, Ay da qəmlidi,
Səmanın küt gedir ulduz kündəsi.
Söyüd səndələyir, sanki dəmlidir,
Mən də ki, Tanrının dərdli bəndəsi.
Belə poetik məqamlar şairin şeirlərində çoxdur.
Kitabda verilmiş poemalar da mövzu, ideya və sənətkarlıq səviyyəsi ilə seçilir. “O, günəş ömrüdür, sönməyəcəkdir” poemasında görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana həm birinci, həm də ikinci rəhbərliyi dövründə həyata keçirdiyi möhtəşəm tədbirlərin, böyük quruculuq və xilaskarlıq missiyasının bir sıra məqamları, xalqın ulu öndərə tükənməz sevgisi özünün dolğun poetik ifadəsini tapmışdır:
Bir insan ömründən söz açıram mən,
O, mavi göylərdən enməyəcəkdir!
Əbədi bir ömrü alıb Günəşdən,-
O, Heydər ömrüdür, sönməyəcəkdir!
“Bu nəğməm sənədi, doğma Naxçıvan” poemasında isə qədim və həmişəcavan Naxçıvanın hazırkı hərtərəfli inkişafı vəcdlə tərənnüm olunur. Müəllif ümumi mühakimələr ardınca getməyib, fikrini sosial-mədəni tərəqqinin, iqtisadi yüksəlişin konkret bəhrələri timsalında ümumiləşdirib.
“Mənim inamımı güllələdilər” poemasında 1988-1990-cı illərin ağrılı-acılı hadisələrindən söz açılır. Öz havadarlarına arxalanan bədnam ermənilərin əzəli Azərbaycan torpağı Qarabağa əsassız iddiaları, 1990-cı ilin qanlı yanvarı, həmçinin o zaman Naxçıvanın sərhəd bölgələrində, xüsusən qeyrət qalası sayılan Sədərəkdə fədakarlıqla döyüşən vətən oğullarının rəşadəti, şəhidlərin ruhuna sonsuz ehtiram kimi məsələlər poemada təsirli şəkildə öz ifadəsini tapıb.
Avtobioqrafik səciyyəli “Analı, anasız dünyam” poemasında əsas yeri tutan hüdudsuz ana məhəbbəti və onun itkisindən doğan intəhasız kədər yalnız müəllifin fərdi yaşantıları olmayıb dərin ümumiləşdirmə mündəricəsinə malikdir. “Sulara danışdım yuxularımı” poeması ədəbiyyatımızda bu janrın son illərdə kənd mövzusunda yazılmış yaxşı nümunələrindən biri sayıla bilər. Müəllif doğulub boya-başa çatdığı kənd mühitinin uşaq yaddaşından boylanan həzin, kövrək xatirələrini təsirli bir dillə ədəbi müstəviyə gətirməklə yanaşı, tarixi-etnoqrafik çalarlara da xüsusi diqqət yetirib, “Qaradaş ocağı”, “Sırfa daş hekayəti”, “Hadıqayıb əfsanəsi”, “Sarıbulaq yaylağında”, “Qaçaq İrbaham” və s. bölmələrdə qədim Şərur elinin ayrı-ayrı yer-yurd adları haqqında rəvayətləri, tanınmış şəxsiyyətləri, təbii gözəllikləri barədə düşüncələrini poetikləşdirib. “Armud ağacıyla yarımçıq dərdləşmələrim” poemasında isə bioqrafik notların fraqmentar təqdimi əsas yeri tutur.
İbrahim Yusifoğlu uşaq ədəbiyyatı sahəsində də ardıcıl və səmərəli fəaliyyət göstərir. Mövzu aktuallığı, uşaqların yaş və qavrama səviyyəsinə, dünyagörüşünə uyğunluq, nəcib ideyaların tərənnümü, vətənpərvərlik qayəsi şairin uşaqlar üçün yazdığı əsərlərdə əsas yeri tutur. Dövri mətbuatda, eləcə də ayrı-ayrı kitablarında onun bu qəbildən olan bir sıra əsərləri oxuculara çatdırılmışdır. Müxtəlif vaxtlarda nəşr olunmuş “Arpaçayın uşaqları”, “Futbolçu, topçu, gopçu”, “Vətən nəğməsi”, “Göy yerə zəng eləyir” kitabları isə bütövlükdə uşaqlar üçün qələmə alınmış şeirlər, poemalar və mənzum pyeslərdən ibarətdir. Şairin “Serçilmiş əsərləri”nin 3-cü cildində də maraqlı uşaq ədəbiyyatı nümunələri yer alıb. Kitabda verilmiş “İydəli dərənin uşaqları” poeması təbiət qoynunda keçən unudulmaz uşaqlıq illərinin poetikləşən yaddaş səhifələridir. “Novruz adətlərimiz” əsrlərdən süzülüb gələn adət-ənənələri balaca oxuculara sadə şəkildə anladan dəyərli əsərdir. “Nəzakət, hörmət, dostluq” nəcib mənəvi-əxlaqi keyfiyyətləri xalq nağılı timsalında canlandıran oxunaqlı mənzumədir.
“Ceyranbulaq nağılı”nda təbiəti qorumaq ideyası xalq rəvayəti əsasında öz ifadəsini tapıb. “Pəhləvanın bağında” baş verən hadisələrin əsas məğzində isə doğma torpağı müdafiə etmək, ona əl uzadan yadelli, bədnam “yan”ları geri oturtmaq ideyası dayanır ki, bu da mənzum pyes janrının imkanları ilə oxuculara çatdırılır.
Ümumiyyətlə, tanınmış şair İbrahim Yusifoğlunun “Seçilmiş əsərləri”nin yenicə çapdan çıxmış 3-cü cildi ilə tanışlıq xoş təəssürat oyadır. Bu kitab 65 illik yubileyi ərəfəsində müəllifin oxuculara layiqli ədəbi hesabatı sayıla bilər.
Hüseyn Həşimli
Əməkdar elm xadimi, professor