Çin Yerin sətini müşahidə etmək üçün planetimizin orbitində süni intellektli 192 peykdən ibarət qrup yaradacaq. NUHÇIXAN xəbər verir ki, bu məlumatı Çin Dövlət Televiziyası yayıb.
Xəbərdə bildirilir ki, peyklərdən ibarət qrup Şir bürcünün şərəfinə Leo adlandırılıb. Kosmik aparatlarda quraşdırılmış bloklar insan beyninin fəaliyyətini imitasiya edəcək. Belə ki, süni intellekt Yerin səthindən çəkilən fotoşəkilləri sərbəst olaraq təhlil edəcək, kadrlardakı yüksək temperatur, yaxud digər səbəblərdən baş vermiş qüsur və ya təhrifləri düzəldəcək. Beləliklə, sistem keyfiyyətsiz şəkilləri kənara atacaq və Yerə sifarişçilər üçün daha yararlı olan kadrları göndərəcək.
Bundan başqa, Leo sistemi ekoloji monitorinq məqsədilə də istifadə ediləcək və Yerin səthini müşahidə edərək təbii fəlakətlər, həmçinin nəqliyyatın hərəkəti barədə operativ məlumatlar ötürəcək. Telekanalın xəbərində bildirilir ki, sistemə “Yaoqan” seriyasından olan peyklər daxil ediləcək. Eyni zamanda, peyk qrupu avtomatika rejimində kosmik aparatların hərəkətini tənzimləyəcək və lazım gəldiyində onları istiqamətləndirəcək. Ən əsas yenilik isə ondan ibarətdir ki, indiyədək Yerdən idarə olunan peyklər bundan sonra avtopilot rejimində işləyəcək.
Peyklərin kosmosa göndərilməsi kommersiya buraxılışı üçün nəzərdə tutulan “Tszelun-1” raketdaşıyıcısı vasitəsilə həyata keçiriləcək. Bu raket orbitə 600 kilometr yüksəklikdə çəkisi 150 kiloqramadək bir və ya bir neçə peyk daşımaq qabiliyyətinə malikdir. Onu cəmi 24 saat ərzində uçuşa hazırlamaq olar, raketin yığılma müddəti isə 6 aydır. Raketdaşıyıcının apardığı peyk maksimum 1,5 metr hündürlükdə və 1,1 metr diametrdədir. “Tszelun-1”in hər bir buraxılışı 3,63 milyon dollara başa gəlir.