Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da keçirilən imtahanların nəticələri elan olunub.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, 9 illik orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, Azərbaycan və ya rus dili, əlavə xarici dil imtahanı verən abituriyentlər, habelə eksternat qaydasında imtahan verənlər, üzrlü səbəbdən IX sinif buraxılış imtahanlarında iştirak edə bilməyənlər Mərkəzin saytında yerləşdirilən müvafiq linklərdən öz nəticələrini öyrənə bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 6461 abituriyentdən 1294-ü imtahana gəlməyib. İki nəfər imtahan qaydalarını pozduğu üçün xaric edilib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 30-da
-ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;
-əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;
-üzrlü səbəbdən iyun ayında keçirilmiş buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları;
-orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;
-orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirilib.