AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafıya üzrə fəlsəfə doktoru Mövlud Teymurovun “Ərazinin su balansı və rütubətlənmə şəraitinin yeni metodlarla qiymətləndirilməsi” adlı monoqrafiyası nəşr olunub. Kitab akademik Ramiz Məmmədovun elmi redaktorluğu və elmi şuranın qərarı əsasında çap edilib.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, müəllif ərazinin su balansını hesablamaq məqsədilə yeni sintez su balansı metodu təklif edib. Ən müasir və innovativ tədqiqat üsullarından istifadə edən müəllif su balansını yeni elmi yanaşmada, ilk dəfə olaraq torpaq-su münasibətlərini vahid mexanizm şəklində qəbul edərək və balansa tamamilə fərqli komponentlər daxil etməklə qiymətləndirib. Yeni metodun əsas konsepsiyası ondan ibarətdir ki, müşahidə məlumatları olmadan və zaman-məkan məhdudiyyəti qoyulmadan təkcə ərazinin peyk təsviri əsasında yüksək dəqiqliklə və operativ şəkildə hesablamaları yerinə yetirmək mümkün olur. Bununla da müəllif dünyada mövcud olan vacib elmi təcrübənin respublikamızda ilk dəfə tətbiqinə nail olub və yerli xüsusiyyətləri nəzərə almaqla onu yeni cəhətlərlə zənginləşdirib.
Su balansı nəzəri əsaslarla öyrənilməklə yanaşı, praktik məzmunda da şərh olunub, hər tədqiqat sahəsinə aid hesablama nümunələri verilib. Kitabda, həmçinin çayın yeraltı qidalanma payının, axım formalaşdıra bilən konkret yağıntı miqdarının, torpaqların sututumu və bitkilərin suvarma normasının hesablanması üçün təkliflər yer alıb.
Monoqrafiya hidrometeorologiya, coğrafiya, su təsərrüfatı, ekologiya, torpaqşünaslıq və digər ixtisaslar üzrə mütəxəssislər və təhsil alanlar üçün nəzərdə tutulur.