Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. İyulun 5-i saat 14:10-a olan məlumata görə, 8171 subbakalavr qeydiyyatdan keçib. Onlardan 8075 nəfərin ərizəsi təsdiqlənib.
Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və paroldan istifadə etməklə internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiqləməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.