Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz ümumilikdə 57 binada aparılır. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunub. Saat 11:00-da başlanan imtahan 3 saat davam edəcək.
İmtahanda 28 min 699 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11 min 134 abituriyent II qrup, 17 min 565 abituriyent III qrup üzrə imtahan verir.
Abituriyentlərdən 26 min 523 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 10107, III qrup üzrə 16416 nəfər), 2176 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1027, III qrup üzrə 1149 nəfər) məzunudur. Abituriyentlərin 12 min 411 nəfəri oğlan (II qrup üzrə 7456 nəfər, III qrup üzrə 4955 nəfər), 16 min 288 nəfəri isə qızdır (II qrup üzrə 3678 nəfər, III qrup üzrə 12610 nəfər). 25 min 291 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2819 nəfər əvvəlki illərin məzunudur (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 29 nəfər ali təhsil müəssisələrinin, 560 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 116 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2004-cü ildəndir.
Bakı şəhərində 12 min 608, Naxçıvanda 1532, Gəncədə 2977, Sumqayıtda 1460, Mingəçevirdə 1167, Şəkidə 1521, Bərdədə 1646, Göyçayda 1151, Şirvanda 1741, Lənkəranda 1841, Xaçmazda isə 1055 abituriyentin imtahan verəcəyi gözlənilir.
Qeyd edək ki, imtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Həm yaz, həm də yay qəbul imtahanlarında iştirak edənlər istədikləri imtahan nəticəsini seçə bilərlər.