Səthi buzla örtülmüş Saturnun “Enselad peyki”nin dərinliyində böyük okean gizlənir. NASA–nın Qoddarda Kosmik Uçuşlar Mərkəzində Mark Nevyenin rəhbərliyi altında tədqiqatçılar qrupunun məlumatına görə, bu okeanın yaşı təqribən bir milyard il təşkil edir və həmin müddət okeanda həyatın inkişafı üçün zəruri vaxta ideal uyğun gəlir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası https://www.astronews.ru saytına istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, Nevye və onun əməkdaşları tərtib etdikləri kompüter modelləşməsi vasitəsilə 13 il ərzində Saturn ətrafında orbitdə olan NASA-nın Cassini kosmik aparatının köməyi ilə toplanmış məlumat əsasında Enselad (şəkil 1) peykinin yaşını hesablayıblar.
Cassini aparatının köməyi ilə edilmiş böyük kəşflərdən biri Enseladda hidrotermal mənbələrə malik okeanın kəşf olunmasıdır. “Enseladda bu gün okeanın mövcudluğu bizim üçün böyük sürpriz oldu. Bu peyk kiçik ölçülərə malikdir, buna görə ümumi halda gözləyirsiniz ki, o, özlüyündə heç bir həyat olmayan buz və daş parçası olacaqdır”, - deyə M.Nevye bildirib.
Enseladda tapılan okeanın yaşı orada həyatın mövcudluğu üçün böyük əhəmiyyətə malikdir. Mürəkkəb bioloji molekullar nisbətən sadə komponentlərdən kimyəvi reaksiyaların gedişində əmələ gəlir.
Lakin istənilən kimyəvi çevrilmə üçün müəyyən zaman müddəti tələb olunur. Əgər Enselad peyki çox cavan olarsa, həyatın yaranmasına gətirən reaksiyaların gedişi üçün tələb olunan zaman həqiqətən kifayət etməzdi. Müəlliflər izah edir ki, əksinə, Saturnun peykindəki okeanın yaşı həddindən böyükdürsə, onda bütün reaksiyalar tarazlıq halına çata bilməz və bu halda həyatın mövcudluğu yenə qeyri-mümkün olardı.
Tədqiqatın nəticəsi M.Nevye tərəfindən 2019-cu il iyunun 24-də astrobiologiya ilə bağlı konferensiyada təqdim edilib.