Ali təhsil müəssisələrinin I ixtisas qrupunun memarlıq ixtisasına və ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatına başlanılıb. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında xüsusi qabiliyyət tələb edən ixtisasların imtahanlarında iştirak üçün müvafiq linklərdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.
“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.
Ali təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2019-cu ildə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar isə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında verilib.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat iyulun 16-dək aparılacaq, qabiliyyət imtahanları isə iyulun 18-dən 22-dək keçiriləcək.
9 illik orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan buraxılış (qəbul) imtahanından (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 50-dan az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.
I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qeydiyyat iyulun 13-dək aparılacaq, qabiliyyət imtahanları isə iyulun 19-dan 23-dək keçiriləcək. Müsabiqədə I ixtisas qrupu üzrə qəbul imtahanının 2 mərhələsi üzrə ümumi balı 200, o cümlədən imtahanın II mərhələsində topladığı bal minimum 100 olan abituriyentlər iştirak edə bilərlər.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçən abituriyentlər, qeydiyyatdan dərhal sonra “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər. I qrup memarlıq ixtisası üzrə qeydiyyatdan keçən abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək.