AMEA-nın nəzdində Hüseyn Cavidin ev-muzeyi tərəfindən "Məmməd Cəfər. Hüseyn Cavid" monoqrafiyası nəşr olunub.
Vəsait ölkə başçısının "Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında" 2019-cu il 15 aprel tarixli Sərəncamı əsasında AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş tədbirlər planı çərçivəsində çap olunub.
Akademiyadan NUHÇIXAN-a bildirilib ki, nəşrin tərtibçisi və "Ön söz"ün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, elmi redaktorları - AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.
Kitab Hüseyn Cavid yaradıcılığının ilk monoqrafik tədqiqatçısı, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyniadlı monoqrafiyasının yeni tərtibatda təkrar nəşridir. Cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm rol oynayan monoqrafiya Hüseyn Cavid yaradıcılığına müraciət edən bir çox tədqiqatçı üçün dəyərli mənbədir.