Çinin “Çanye-5” planetlərarası avtomatik kosmik stansiyası yeni zondun Ayın səthində enəcək yeri və orada götürəcəyi süxur nümunələrini seçərkən süni intellekt texnologiyasından istifadə edəcək.
NUHÇIXAN Global Times qəzetinə istinadla xəbər verir ki, Çinin Jiçjao şəhərində (Şandun əyalətinin şərqi) keçirilən mətbuat konfransında bu ölkənin Ayın tədqiqi üzrə proqramının rəhbəri Ouyan Tszıyuan bildirib ki, kosmik zondun buraxılması cari ilin sonuna nəzərdə tutulub. O əlavə edib: “Süni intellekt texnologiyasının köməyi ilə kosmik modul Ayın Yer kürəsinə ən yaxın məsafəsində yumşaq eniş edəcək və oradan süxurların nümunələrini götürərək planetimizə qayıdacaq. Yeni kəşflərin edilməsi məqsədilə “Çanye-5” ABŞ-ın “Apollon” kosmik gəmisinin endiyi yerdən min kilometr aralı məsafədə yerləşəcək. Ayın səthinə yumşaq eniş süni intellektin müstəqil qərarları əsasında həyata keçiriləcək”.
Əslində, Çinin kosmik zondunun özü “ağıllı” aparatdır. O, fotoşəkillər əsasında qiymətləndirmə və hesablamalar aparacaq, yalnız bundan sonra Ayın səthində eniş üçün uyğun olan hamar sahəni seçəcək. Çinli alimin sözlərinə görə, uğurlu enişdən sonra modul süxurların götürülməsi üçün nəzərdə tutulmuş manipulyatoru, habelə sərt qayaları qazmaq məqsədilə qurğunu işə salacaq. Sonra zond yenidən uçaraq orbital modulla birləşəcək və Yerə doğru istiqamət alacaq. O, Çinin şimalındakı Daxili Monqolustan adlı muxtar rayona enəcək.
Global Times qəzeti yazır ki, Ayın yaxın tərəfi kosmik aparatların enişi üçün relyef etibarilə ən uyğun ərazi sayılır. Buranın daha bir üstün cəhəti zondun peyklər vasitəsilə daha asan rabitəni təmin etməsidir. Çin mütəxəssisləri 2018-ci ildə Aya göndərilən “Çanye-3” və “Çanye-4” missiyalarının nəticələri əsasında süni intellekt proqramına düzəlişlər ediblər.