Naxçıvanlı tələbələr Ukrayna Dövlət Dəmiryol Universitetində təhsil alacaqlar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Ukraynanın Xarkov şəhərində yerləşən Ukrayna Dövlət Dəmiryol Universitetinin rektoru, texnika üzrə elmlər doktoru Sergey Pançenko Naxçıvan Dövlət Universitetinə gəlib. Görüşün məqsədi universitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, mövcud şəraitin qiymətləndirilməsi olub. İkitərəfli görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara ali təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hal-hazırda ERASMUS+layihəsi çərçivəsində bir çox layihələrinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa Universitetləri ilə əməkdaşlıq edir.
Sergey Pançenko isə bildirib ki, Ukrayna Dövlət Dəmiryolu Universiteti Azərbaycanın təhsil ocaqları ilə əməkdaşlığa xüsusi maraq göstərir. Rektor universitetdə təcrübi qaydada dərslərin keçirilməsi üçün mövcud laboratoriyalar haqda məlumat verib. Vurğulanıb ki, ali təhsil ocağında mütəmadi olaraq müxtəlif növdə idman və mədəni-kütləvi yarışlar keçirilir. Görüşdə tələbə-müəllim mübadiləsi, təhsil, təhsil-texnoloji və istehsalat təcrübələrinin, birgə videokonfransların, ikitərəfli beynəlxalq proqram çərçivəsində təhsil və tədqiqat layihələrinin birlikdə işlənməsi, mədəni və idman tədbirlərinin keçirilməsi və digər məsələlər qarşılıqlı müzakirə olunub.
İnformasiya texnologiyaları sistemləri, Dəmiryol nəqliyyatı vasitələri mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrdən seçilməklə 2019-2020-ci tədris ilinin sentyabr ayından etibarən 1 semestr təhsil almaq üçün Ukrayna Dövlət Dəmiryolu Universitetinə göndəriləcəyi də qarşılıqlı razılaşdırılıb.
Memarlıq və mühəndislik fakültəsində olan qonaqlar dəmiryolda qatarların hərəkətinin, vaqonların açılıb-bağlanmasının əl və proqramla idarə olunması laboratoriyasına, tələbələrin əl işlərindən hazırlanmış muzeyə, müvafiq ixtisaslar üzrə yaradılmış iki kabinəyə və imtahan keçirilən otağa baxıblar.
Səadət Əliyeva