“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı olub - FOTOLAR
İyulun 11-də Beynəlxalq Mətbuat Mərkəzində AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimat mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri mərasimdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov rəhbərlik etdiyi elm müəssisəsində aparılan tədqiqatlar, əldə olunan nəticələr barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının coğrafiyası haqqında danışan alim təqdim olunan nəşrdə zəngin təbii şəraitə və ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatlarının nəticələrinə dair məlumatların verildiyini deyib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyi ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatı Fazil Mustafa, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və digər çıxış edənlər də kitabın tariximiz, elmimiz üçün çox dəyərli mənbə olduğunu bildiriblər.