Yapon mütəxəssisləri yüksək texnologiyanın daha bir nailiyyəti olan 40 dildə ünsiyyət imkanı yaradacaq mükəmməl tərcümə aparatı hazırlayıblar. NUHÇIXAN CNN telekanalının saytına istinadla xəbər verir ki, yeni cihaz səyahətçilərə müxtəlif ölkələrdə asanlıqla ünsiyyət yaratmaq imkanı verəcək. Cibə sığacaq qədər kiçik ölçüdə olan tərcümə aparatı gedəcəyiniz ölkənin dilində bir söz belə bilməyəcəyiniz halda sizə çox asanlıqla danışmağa şərait yaradacaq. İndiyədək bu cür aparatlardan dünya liderləri istifadə edirdilərsə, bundan sonra tərcümə cihazları hamı üçün əlçatan olacaq.
Telekanalın reportajında bildirilir ki, aparat iş və ya əyləncə məqsədilə uzunmüddətli səyahət edəcək insanları dil hazırlığı kurslarına getməkdən və bu məqsədlə əlavə vəsait xərcləməkdən də qurtaracaq. Eyni zamanda, çox yaxın gələcəkdə turist qrupları ilə çalışan tərcüməçi-bələdçilərə də ehtiyac qalmayacaq. Çinli bir biznesmen isə əlavə xərc çəkmədən İspaniya sahillərində öz həmkarları ilə asanlıqla həyata keçirəcəyi layihələri müzakirə edə biləcək. İnsanlar saniyələr ərzində yüksəkkeyfiyyətli tərcümə edən bu cihazdan istifadə edərək elmi konfranslarda və ya ədəbiyyat simpoziumlarında debatlar da apara biləcəklər.
Qeyd olunur ki, insanların həyatını asanlaşdırmaq üçün hazırlanan bu cihazın istifadə qaydaları da çox sadədir və heç bir xüsusi hazırlıq tələb etmir. Dünyanın fərqli ölkələrində ünsiyyət qurmaq üçün onun mobil telefona qoşulması və aparatda cəmi 4 qısa əməliyyatın yerinə yetirilməsi lazımdır.