ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Kolorado ştatında Yer kürəsini və bütün qalaktikanı müşahidə edəcək, astronavtlara orbitdə istiqamət verəcək teleskoplar quraşdıra bilən robotlar hazırlayacaq laboratoriya açıb.
NUHÇIXAN Reuters agentliyinə istinadla xəbər verir ki, bu cür radio-teleskopların Ayın uzaq tərəfində yerləşdirilməsi nəzərdə tutulur. Onların növbəti onillikdə Ayın səthinə çatdırılması və qurulması prosesində NASA ilə yanaşı, özəl şirkətlər də iştirak edəcək. Kolorado Universitetinin Kosmik Tədqiqatlar Mərkəzinin direktoru Cek Börns bildirib ki, bu layihə Ayın səthindən kosmik fəzanın tədqiq edilməsi prosesində insan və robotların birgə fəaliyyətini ehtiva edir. Onun sözlərinə görə, növbəti onillikdə laboratoriyada çalışan qrup tərəfindən Ayın uzaq bölgəsinə göndəriləcək texnoloji aparatlar radio-teleskopların quraşdırılmasında insana yardım edəcək. “Gateway” adlanan Ayın orbital platformasında olan astronavtlar bu robotları idarə edə biləcək və onlardan digər planetlərə uçmaq üçün təlimatlar alacaqlar. Bu sistemin hazırlanmasında video-oyuna bənzəyən formatdan istifadə olunacaq. Belə ki, robotların əlləri “X-box” nəzarət qutusu vasitəsilə idarə ediləcək. Onları Ayın səthində daşıyacaq rover isə Kaliforniya ştatındakı Pasadena laboratoriyasında hazırlanacaq.