Fransız imperatoru Napoleon Bonapartın əsgərlərinin 1799-cu il iyulun 15-də Misirin Rəşid qəsəbəsində qazıntı apararkən tapdıqları daş dünya tarixinin ən böyük sirrini açmağa kömək edəcək. NUHÇIXAN BBC telekanalının saytına istinadla xəbər verir ki, hazırda Londondakı “British Museum”da saxlanılan bu qədim kitabə ziyarətçilərin böyük marağına səbəb olub.
Misir çarı V Ptolemeyin hakimiyyətinin birinci ili şərəfində kahinlər şurası tərəfindən yazılan və məbəddə saxlanılan bu daşın üzərindəki mətndə onların hökmdara sədaqəti ifadə olunub. Bu cür yazılı kitabələrdən biri də Misirin Memfis bölgəsindəki məbədə göndərilib. Bəs ilk baxışdan sadə olan bu mətn nədən arxeoloqların böyük marağına səbəb olub? Bunun səbəbi “Rozetta daşı”nın üzərində dünyanın ən qədim çoxdilli mətninin olmasıdır. Ağırlığı 760 kq və eni 72 sm olan bu kitabə qranitdən hazırlanıb. Misir xalqının, kahinlərin və əyanların onu rahat oxuması üçün üç fərqli dildə yazılan mətn heroqliflərin sirrini açmağa çalışan paleoqraflar üçün ən əlverişli imkandır.
Eramızdan əvvəl 196-cı ildə yazılan bu kitabənin üzərində eyni mətn demotik (həmin dövrdə Misirdə gündəlik istifadə edilən dil), antik yunan (hökmdarların dili) və heroqliflə yazılıb. Bir hissəsi qırılmış daşın üzərində 14 heroqlif, 32 sətir demotik və 53 sətir də antik yunan yazısı var. Alimlərin tədqiqatlarına görə, heroqlif yazısı eramızın IV əsrindən sonra istifadə olunmayıb və bu əlifba ilə bağlı məlumatlar tədricən yox olub. “Rozetta daşı” üzərində antik yunan hərflərini oxuyan mütəxəssislər bu üsulla heroqliflərin sirrini açmağa çalışırlar. İngilis fiziki Tomas Yanq birinci heroqliflərin Ptolemeyin adı ilə bağlı olduğunu tapan ilk mütəxəssis olub. Sonradan fransız alimi Jan-Fransua Şampollion heroqliflərin Misirin gündəlik kıpti dilindəki səsləri göstərdiyini kəşf edib və onların sirrini böyük həcmdə açıb.
Napoleonun Misirdə məğlub olmasından sonra 1801-ci ildə imzalanan İsgəndəriyyə müqaviləsinin şərtlərinə görə, fransızların bu ölkədə tapdıqları qədim abidələr ingilislərin nəzarətinə keçib və “Rozetta daşı” 1802-ci ildə İngiltərənin Portsmut limanına gətirilib və Kral III Georqun əmri ilə “British Museum”a verilib.