Rusiya Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun “Minbar” İslam araşdırmaları jurnalının sonuncu sayında Azərbaycan haqqında məlumatlar dərc olunub.
Azərbaycan İlahiyyat İnstitutundan NUHÇIXAN-a bildirilib ki, jurnalın ilk səhifəsində ulu öndər Heydər Əliyevin “İslam sivilizasiyasi Qafqazda” I Beynəlxalq Simpoziumunun açılış mərasimindəki nitqindən – “Qafqazda İslamın yayılması və inkişaf etməsi Qafqaz xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir, eyni zamanda, İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələrin olmasını əks etdirir” – sözləri qeyd olunub. Jurnalın birinci səhifəsində, həmçinin XIX əsrə aid Azərbaycanın milli geyimləri, mətbəx əşyaları və xalçası əks olunub.
Baş redaktoru Bolqar İslam Akademiyasının rektoru Rafiq Muxametşin olan jurnalda Azərbaycan haqqında məqalələr də dərc edilib.
Dünyanın müxtəlif ölkələrinin tanınmış alimlərinin daxil olduğu jurnalın redaksiya heyətinin sədri Rusiya Elmlər Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Vitali V.Naumkindir.
Xatırladaq ki, İslamın yaranmasından müasir dövrə qədər onun bütün sahələrini əks etdirən tarixi, psixoloji və teoloji cəhətdən əsaslandırılmış “Minbar” jurnalı İslam dini və İslam dünyasının bütün aspektlərini əhatə edir.
Jurnalın baş redaktorunun müavinləri – Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa Tədqiqat Mərkəzinin elmi işçisi Şəmil Kəşşaf və Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin Etnopsixologiya və çoxmədəniyyətli təhsilin psixoloji problemləri kafedrasının dosenti Olqa Pavlova “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunda iştirak ediblər. Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunan görüşlər zamanı “Minbar” jurnalının növbəti nömrələrində Beynəlxalq Simpozium haqqında məlumatların dərc edilməsi qərara alınıb.