Apellyasiya Komissiyasının məlumatı

A- A A+

Ali təhsil müəssisələrinə iyunun 23-də keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılan Apellyasiya Komissiyasına 449 abituriyent (bütün imtahan verənlərin 1,87 faizi) 1500-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib. Apellyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər Dövlət İmtahan Mərkəzinə (DİM) dəvət olunaraq onlara komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılıb, apellyasiyanın nəticəsi bildirilib və müraciətləri ilə bağlı müvafiq izahat verilib).

DİM-dən NUHÇIXAN-a bildirilib ki, apellyasiyaya müraciət edənlərdən 51 abituriyentin (bütün imtahan verənlərin 0,21faizi) cəmi 54 tapşırıq (bütün tapşırıqların 0,025 faizi) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah olunub.

Apellyasiya Komissiyasının qərarı ilə fizika fənni üzrə situasiya məsələsinin üçüncü tapşırığının (I qrup üzrə 60, IV qrup üzrə 90 nömrəli tapşırıq) qiymətləndirmə meyarının 1 ballıq şkalasında B bəndində əks olunan hallardan halı 2 (tam) ballıq şkalaya keçirilib və yazı işi bu hala uyğun olan 370 şagirdin nəticəsində müvafiq dəyişiklik edilib. Həmçinin Apellyasiya Komissiyasının qərarı ilə I ixtisas qrupunda kimya fənni üzrə situasiya məsələsinin birinci tapşırığına (B və D variantlarında 88 nömrəli) cavab olaraq “amorf kükürd” yazmış 39 şagirdin həmin tapşırıq üzrə işi 2 (tam) balla qiymətləndirilib.

DİM abituriyentlərin (o cümlədən Apellyasiya Komissiyasına müraciət etməmiş, lakin qeyd olunan tapşırıqlarla bağlı qiymətləndirmə meyarlarına edilən dəyişikliklə əlaqədar nəticələri dəyişən) nəzərinə çatdırır ki, lazımi dəyişikliklər onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb və imtahan nəticələri yenilənib. Nəticələri dəyişən və Apellyasiya Komissiyasına müraciət etməyən şəxslərin telefon nömrələrinə bununla bağlı SMS xəbərdarlıq göndərilib.

Qeyd edək ki, I və IV qruplar üzrə qəbul imtahanlarında 24 mindən çox şagird iştirak edib və bu şagirdlərin ümumilikdə 216 mindən çox tapşırıq üzrə yazı işi yoxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: