Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Uşaqlarda dehidratasiya zamanı infuzion terapiya” adlı yeni metodik vəsait işıq üzü görüb. Kitabın müəllifləri Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının həkimləri, NDU-nun dissertantı İlkay Əliyeva və tibb üzrə fəlsəfə doktoru Aytən Rzayeva, rəyçi isə xəstəxananın baş həkimi Rəhim Rəhimovdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarı ilə çap olunan bu kitab son illər uşaqların sağlamlığının qorunması istiqamətində aparılan islahatların, həyata keçirilən tədbirlərin bəhrəsi kimi meydana gəlib. Kitab “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Səhiyyə Nazirliyinə verilən tapşırıqların icrası istiqamətində atılan növbəti addımlardan biridir. Məqsəd həm də uşaqların müayinə və müalicəsində səhiyyə protokollarına əməl edilməsini, müasir tibbi üsul və metodlardan istifadəni, uşaqların sağlamlığına daha həssaslıqla yanaşılmanı diqqətdə saxlamaqdır.
“Uşaqlarda dehidratasiya zamanı infuzion terapiya” kitabı bu sahədə çalışan həkim-pediatrların, həkim- infeksionistlərin öz təcrübi fəaliyyətində istifadə etməsi, eyni zamanda Naxçıvan Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulur.