DİM II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilmiş qəbul imtahanlarının nəticələrini elan edib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər.
İmtahan nəticələri qeyd olunan linkdə https://eservices.dim.gov.az/2019/netbak/?frm=egov tanış ola bilərsiniz. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 28 min 699 abituriyentdən 408-i imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 15 nəfəri qaydaları pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda III ixtisas qrupu üzrə 1 abituriyent (Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu), ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.
İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28) iyulun 22-24-də saat 10:00-dan 17:00-dək Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyənlər iyulun 20-22-də DİM (Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28) və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə, ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər komissiyaya müraciət etməzdən əvvəl öz səhifələrində “cavab kartı” və “cavab vərəqi”nin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apellyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apellyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsi və iş nömrəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı, valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apellyasiya Komissiyasının iclasında iştirak edə bilər.
Xatırladaq ki, müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək aparılacaq.