İxtisas seçəcək abituriyentlər ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər
Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.
Dövlət İmtahan Mərkəzinin (DİM) son günlər sosial şəbəkələrdə apardığı monitorinqlər göstərir ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui-istifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı çağırış edirlər.
DİM abituriyentlərə və onların valideynlərinə tövsiyə edir ki, diqqətli olsunlar və bu işi yalnız kommersiya məqsədi ilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, ixtisas seçimi DİM-in rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək ehtimalı yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.
DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I-IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər də nəşr edilib. Yaxın günlərdə II və III ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın xüsusi buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.
Abituriyentlər, həmçinin Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilər. Bu mərkəzlərdə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər. İxtisas seçimi ilə əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərəcək. Bununla bağlı əlavə məlumat veriləcək.
Bundan əlavə, növbəti həftə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin “Facebook” səhifələrində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaqdır.
“Abituriyent Məsləhət Mərkəzləri” həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Bu mərkəzlərin ünvanı DİM-in saytında verilib.