NUHÇIXAN xəbər verir ki, 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar Naxçıvan Dövlət Universitetində tədbir keçirilib.
Tədbirdə universitetin rektoru Saleh Məhərrəmov ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
“Jurnalistika və kitabxanaçılıq” kafedrasının müdiri Şəhla Şirəliyeva “Naxçıvan Muxtar Respublikasında Jurnalistika ixtisası üzrə kadr hazırlığı” adlı çıxışında bildirib ki, Naxçıvan Dövlət Universitetində də milli və müasir jurnalistika ənənələri formalaşaraq inkişaf edib. “Yeni Fikir” qəzetinin nəşr olunması, Universitet televiziyasının, “Nuhçıxan” radiosunun və “Qeyrət” nəşriyyatının fəaliyyət göstərməsi, Media Mərkəzinin yaradılması universitetin elmi, sosial və mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb edir.
Sonra “Azərbaycan mediası: reallıqlar və perspektivlər”, “Tələbə jurnalistlərin yetişməsində universitetin Media mərkəzinin rolu” adlı çıxışlar dinlənilib.
Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov da çıxış edərək əlamətdar tarixi gün münasibətilə bütün kollektivi təbrik edib, gələcəyin jurnalist kadrlarına uğurlar arzulayıb.
Sonra rektor tərəfindən milli mətbuatın 144 illiyi münasibətilə universitetin “Qeyrət” nəşriyyatında, media mərkəzində çalışan bir qrup əməkdaşa pul mükafatı təqdim edilib.
Səadət Əliyeva