“Spektr-RQ” (Spektr-Rentgen-Qamma) rus-alman kosmik missiyası bu il iyulun 13-də Baykonur kosmodromundan start götürüb. Bu kosmik gəmidə Maks Plank Cəmiyyəti Yerdənkənar Fizika İnstitutunun rəhbərliyi və Alman Aviasiya və Kosmonavtika Mərkəzinin dəstəyi ilə alman institutları birliyinin hazırladığı “eROSİTA” rentgen teleskopu quraşdırılıb. Teleskop Yerdən 1,5 milyon kilometr uzaqlıqda yerləşərək, yaxın 4 il müddətində səmanın geniş (“yumşaq” və “sərt”) rentgen diapazonunda müşahidə aparacaq. Bu da səmanın dərin rentgen təsvirini almağa imkan verəcək. “eROSİTA” teleskopu, həmçinin tərkibinə Rusiyanın ART-XC teleskopu da daxil olan rus-alman “SPEKTR-RQ” missiyasının bir hissəsidir. Dörd il müddətində “eROSİTA” teleskopu 100 min qalaktika toplusunu, qalaktikaların mərkəzlərində bir neçə milyon qara dəlik və izolə olunmuş neytron ulduzlar kimi bir çox obyektləri aşkar edə biləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında yerləşdirilib. Məlumatda bildirilir ki, “eROSİTA” teleskopunun əsas elmi məqsədi Kainatın quruluşunun böyük ölçüləri və zaman keçdikcə bu strukturda olan təkamül haqqında biliklər almaqdır. Bu isə öz növbəsində bizim kainatı “itələyən” sirli “qara enerji”nin xüsusiyyətlərinin izah olunmasına kömək edəcək”, - deyə Maks Plank Cəmiyyəti Yerdənkənar Fizika İnstitutundan “eROSİTA” layihəsi üzrə rəhbər Andres Merloni açıqlama verib. O qeyd edib ki, qazla dolmuş bu strukturu formalaşdıran milyon Kelvin və daha yüksək temperatura malik qalaktika topalarının müşahidəsi üçün rentgen teleskopu çox zəruridir.