AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, orta əsrlərdə yaşamış Türk-İslam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsinin elektron variantı AMEA-nın Naxçıvan Bölməsinə təqdim edilib.
Türkiyənin İstanbul Universitetinin kitabxanasında saxlanılan nüsxələri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əldə edib.
Ehtimal olunur ki, 1500-cü ildə yazılan nüsxə avtoqrafdır. Digər nüsxənin isə üzü 1509-cu ildə, yəni müəllifin sağlığında Qaramanda katib Mənsur ibn-Qənbər Həmədani tərəfindən köçürülüb.
Bölmənin Əlyazmalar Fondunun balansına daxil edilən və böyük filosof Şeyx Mahmud Şəbüstərinin məşhur “Gülşəni-raz” əsərinə yazılan təfsirin üzərində fond əməkdaşları gələcəkdə araşdırmalar aparmağı nəzərdə tutublar.